Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
“Əlilliyi olan şəxslərin Azərbaycanın Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsinin son görüşü keçirildi
May 16, 2017

2017-ci il mayın 15-i və 16-da Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsinin son görüşü keçirildi. Görüş iki hissədən ibarət idi. Birinci hissədə yalnız layihənin tərəfdaşları – Xəzər Universiteti, Lodz Universiteti, Makedoniya Universiteti, Qraz Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayit Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi və Əlil Təşkilatları İttifaqının nümayəndələri iştirak etdilər. Görüş zamanı tərəfdaş universitetlər layihə çərçivəsində gördükləri işlər və əldə etdiklər nəticələr haqqında bir-birlərinə hesabat verdilər. Daha sonra layihənin davamlılığı və gələcək əməkdaşlıq haqqında müzakirələr etdilər.

Görüşün ikinci günü Xəzər Univeristetinin “Mərmər” zalında həyata keçirildi. Görüş zamanı müxtəlif universitetlərin, orta məktəblərin, təşkilatların nümayəndələri və tələbələr iştirak etdilər. Görüşü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, gələn qonaqları salamladı və layihənin önəmi haqqında nitq söylədi. Daha sonra Yunanıstanın Azərbaycandakı səfiri cənab Dimotrios Tsoungasa söz verildi. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Anar Xələfov əlilliyi olan insanların təhsil almaları üçün Təhsil Nazirliyinin gördüyü işlərdən danışdı. Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin nümayəndəsi Hüseyn Hümbətov və Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də təşkilatlarının mövzu ətrafında gördüyü işlərdən danışdılar.

“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsinin layihə rəhbəri Rima Məmmədova iştirakçılara layihə haqqında geniş məlumat verdi və layihənin həyata keçirildiyi müddət ərzində qarşılaşdıqları çətinliklər və əldə etdikləri uğurlar haqqında danışdı. Lodz Universitetinin və Qraz Universitetinin nümayəndələri iştirakçılara öz universitetlərinin təcrübələri və ölkələrində bu sahədə aparılan işlər haqqında geniş məlumat verdilər. Həmçinin, Gəncə Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin nümayəndələri regionda və universitetlərində bu sahədə görülən işlərdən danışdılar. Tədbirin sonunda Xəzər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin əlilliyi olan tələbələri Nurlanə Cəfərova və Orxan Adıgözəl qarşılaşdıqları çətinliklərə baxmayaraq, əldə etdikləri uğurlar haqqında nitq söylədilər.

Qeyd etmək istərdik ki, “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsi 2013-cü ilin dekabrında başlamış və 31 may 2017-ci ildə sona çatacaqdır. Layihə Avropa Komissiyasının Tempus proqramı çərçivəsində maliyələşdirilir və Xəzər Universiteti tərəfindən idarə olunur.