Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
I Autizm Mədəniyyət Festivalı oldu
May 31, 2019

2019-cu il mayın 31-də Xəzər Universitetinin Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova Azərbaycanda autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalında iştirak etdi. Tədbir “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyi, “Birgə və sağlam” İctimai Birliyi və “Ümid var” xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyilə keçirildi.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdi.

Festivalda autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirdilər, pianoda və xor şəklində mahnılar ifa edərək, “Biz də cəmiyyətin ayrılmaz parçasıyıq,” –mesajını verməyə çalışdılar.

Festivalda autizm sindromlu uşaqlar podiumda model kimi bacarıqlarını da göstərdilər. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim etdilər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda “Birgə və sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirdi. Ətrafdakılardan anlayış, sevgi, qayğı və mərhəmət gözləyən uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından moda nümayişi mühüm əhəmiyyət kəsb edirdi.

Festivala Türkiyədən də istedadlı autizmli uşaqlar qatıldılar. İzmir Autizm Orkestri –İZOT xor qrupu tədbirdə maraqlı proqramla çıxış etdi.

Tədbir çərçivəsində, həmçinin, Dövlət Pantomim Teatrının aktyorlarının və cəmiyyətdə tanınan bir sıra peşə sahiblərinin iştirakı ilə “Autizm fərqli və bizdən biri” mövzusunda fləşmob təqdim olundu.

Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından, mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyırdı. Tədbir ərzində qonaqların “Autizm nədir?” sualına cavab tapmaları üçün qısametrajlı filmlər, sosial çarx, klip göstərildi, bukletlər paylanıldı.